• Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirilib
25.01.2018

Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirilib

361

Yanvarın 25-də Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə - Könüllülərinin 3-cü Forumu keçirilib.

Forumun keçirilməsində əsas məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına yardım etməkdən ibarətdir.

Forumda təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkilləri, 300-ə yaxın tələbə-könüllü iştirak edib.

Dövlət himni səsləndirildikdən sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Forum iştirakçılarını salamlayan Ceyhun Bayramov tədbirin mühüm tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. 

Ceyhun Bayramov bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyətləri danılmazdır. “Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkili Fuad Muradov tələbə könüllülərə tövsiyələrini bildirib, forumun işinə uğurlar arzulayıblar.

Tədbirdə Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı”nın təqdimatı keçirilib. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdiriləcək.
Forumda ilin ən fəal tələbə-könüllüləri mükafatlandırılıb.

"Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 15 000-dən artıq könüllü bazasına sahibdir.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.